Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb.
Fins.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bərdə rayonunda əkin sahələrinə baxış keçirərən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir bildirib ki, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir. Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur. "Biz bu gün ölkənin aparıcı aqrar rayonlarından biri olan Bərdə rayonundayıq. Bərdə Azərbaycanın həm taxılçılıq, həm pambıqçılıq, həm də tərəvəz yetişdirilməsi baxımından əsas aparıcı aqrar rayonlarından biridir. Ötən il bərdəli fermerlər soğan ixracatından çoxlu gəlir əldə ediblər. Bu, bölgədə soğan əkininə, xüsusilə faraş soğan əkininə marağı artırıb. Bu il soğan sahələrində məhsul boldur. Artıq bir müddətdir ki, may soğanının yığımına başlanıb. Fermerlər öz məhsullarını həm daxili bazara çıxarır, həm də xarici ölkələrə ixrac edilər. Məhsulların bazarlara daşınmasında heç bir problem yoxdur”, - deyə İnam Kərimov qeyd edib.
Nazir İnam Kərimov bu il pambıçılıqda da yüksək məhsuldarlığın gözlənildiyini deyib. Bildirib ki, çiyid səpini başa çatmaqdadır. Artıq bir çox sahələrdə çıxış alınıb. Bu il Ucar Pambıq Emalı zavodunda emal olunmuş toxumun səpini həyata keçirilib. Gələn ildən etibarən yerli istehsal olan toxumların həcminin artırılması nəzərdə tutulur.