IKT

06 May

Taxılçılıqda yeni sortların yaradılması üçün hibridləşdirmə üsulundan istifadə edilir

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron təcrübə təsərrüfatında yeni sortların yaradılması istiqamətində işlər davam etdirilir. Taxılçılıqda sortların yaradılması müxtəlif üsullarla həyata keçirilir. Bunlardan ən geniş yayılmış üsulu hibridləşdirmədir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, institutun direktoru Faiq Xudayev hibridləşmənin əsasən növdaxili və növlərarası olmaqla aparıldığını deyib. Hibridləşdirmə öz xüsusiyyətlərinə görə az və ya çox fərqlənən müxtəlif orqanizmlərin cinsi üsul və ya vegetativ orqanlarını bir-birinə calamaq yolu ilə birləşdirilməsinə deyilir. Bunun nəticəsində alınan yeni orqanizm isə hibrid adlanır. Hibridləşmə növdaxili və növlərası olmaqla aparılır. Əgər hibridləşmə bərk buğdanın və yaxud yumşaq buğdanın sortları arasında aparılırsa buna növdaxili, yox əgər bərk buğda sortu ilə yumşaq buğda sortu arasında aparılırsa növlərarası hibridləşdirmə adlanır.

Hibridləşdirməni aparmaq üçün ilkin olaraq başlanığıc materiallar seçilməlidir. Seçilmiş sortların əlamət və xüsusiyyətlərinə görə biri ana forma, digəri isə ata forma kimi götürülür. Ana forma kimi götürülmüş sortun yaxşı sünbülləri axtalanır (kastrasiya edilir), yəni, erkək tozluqlar sünbüldən tamamilə çıxarılır və kağız materialdan hazırlanmış qoruyucu paket axtalanmış sünbülün üzərinə keçirilərək aşağı hissəsindən boğucu vasitəsilə bağlanır. Əgər bu qoruyucu vasitə olan kağız paketdən istifadə olunmazsa, kastrasiya olunmuş sünbül digər bitkilərin tozluqları vasitəsilə tozlanar və nəticədə hibridləşmə prosesi tədqiqatçının nəzərdə tutduğu ata sortun tozluqlarından deyil, təbii formada həyata keçmiş hesab olunacaq. Əgər bu proses bərk buğdanın “Bərəkətli-95” və “Qarabağ” sortları arasında, yaxud yumşaq buğdanın “Murov” və “Qobustan” sortları arasında aparılsa, bu növdaxili hibridləşmə adlanacaq. Yox, əgər “Bərəkətli-95” ilə “Qobustan” sortu arasında aparılsa bu növlərarası hibridləşmə adlanacaq.

Təcrübə işinə cəlb edilmiş əməkdaşların karantin rejiminin tələblərinə əməl etmələrinə ciddi nəzarət olunur. Sahədə iş zamanı məsafənin qorunması, maska və əlcəkdən istifadə təmin edilib.