IKT

06 May

Aqrar Xidmətlər Agentliyi fumiqasiya tədbirlərini davam etdirir

Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya Mərkəzi tərəfindən respublikanın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində sahibkarların müraciəti əsasında fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, 2020-ci ilin mart-aprel aylarında Fumiqasiya Mərkəzi tərəfindən 24699.912 ton dənli, dənli-paxlalı bitkilərin məhsulları, yemlər, 64052.97 kubmetr meşə materialı və 13796 kubmetr istehsal və saxlanma yerləri zərərsizləşdirilib.

Qeyd edək ki, zərərsizləşdirmə tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

Zərərvericilərlə sirayətlənmiş istehsal və saxlanma yerlərindəki məhsulun çəkisi azalır, keyfiyyəti aşağı düşür, toxumların cücərmə faizi azalır, məhsul müxtəlif mikroflora ilə çirklənir. Zədələnmiş məhsulda kif göbələkləri məskunlaşır. Bu tip göbələklər zərərli konserogen maddələr ifraz edir. Belə məhsulları nə qida, nə yem, nə də toxum kimi istifadə etmək olmaz.

Aqrar Xidmətlər Agentliyi sahibkarların, həmçinin taxıl istehsalçılarının diqqətinə çatdırır ki, yaxın vaxtlarda taxıl yığımının başlanmasını nəzərə alaraq taxıl, toxum saxlanma anbarlarında zərərvericilərə qarşı mübarizə aparılması zəruridir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və ya Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə müraciət etmək olar.