IKT

06 May

Baş Nazir kənd torpaqları ilə bağlı qərarda dəyişiklik etdi

Nazirlər Kabineti “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Fins.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə qərarın aidiyyəti üzrə göndərilməsi müəyyənləşib.

Dəyişikliyə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə qəbul edilmiş qərar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı olduqda, bu barədə zəruri məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil ediləcək.

Qeyd edək ki, bundan əvvəl torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə qəbul edilmiş qərar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı olduqda, bu barədə zəruri məlumatların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemindən (EKTİS) istifadə Qaydaları”nın tələblərinə əsasən, EKTİS-ə daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilirdi.