Quba-Xaçmaz bölgəsinin alma bağlarında ağaclar dəmgil xəstəliyinə qarşı dərmanlanır.
Fins.az xəbər verir ki, fermerlər mart ayından başlayaraq bağlarda xəstəlik və zərərvericilərə qarşı 6-7 dəfə dərman preparatları səpiblər.
Xaçmaz rayonunun Hacıəlibəy kəndində bir hektar alma bağına sahib olan fermer Cəmşid Bayramov bildirir ki, bu il məhsuldarlıq yüksəkdir.
“Ağaclar bol meyvə gətirib. Amma bu meyvəni yetişənədək qoruyub saxlamaq asan məsələ deyil. Hazırda dəmgil xəstəliyi, eyni zamanda, zərərvericilərə qarşı dərmanlama aparılır. Traktorçuya hər hektara görə 30 manat ödəyirik. Dərmanlar isə bahalıdır. Amma vacib olduğu üçün dərman mütləq səpilməlidir. Bu dəfə preparatlar üçün 300 manat xərc çəkmişik. Hər dəfə səpilən dərmanların qiyməti müxtəlifdir. Ziyanvericilərə qarşı olan dərmanlar nisbətən ucuz, xəstəliklərə qarşı olanlar isə bahalıdır. Ümumilikdə meyvə yetişənədək bağımızı 20 dəfəyədək dərmanlayırıq ki, bunun üçün də təxminən 3500 manata yaxın xərc çəkirik. Satışa yararlı, xarici bazarda rəqabət qabiliyyətli alma yetişdirmək üçün düzgün aqrotexniki qulluq və kimyəvi mübarizə tədbirləri olduqca vacibdir. Dəmgil xəstəliyi ciddi ziyan vuran və geniş yayılan göbələk xəstəliyidir, alma və armud ağaclarının yarpağına, birillik zoğlarına, çiçəklərinə və meyvələrinə zərər vurur”, - deyə fermer söyləyib.
Cəmşid Bayramovun ənənəvi üsulla salınan bağında almanın “Golden Delişes” sortu becərilir. Fermer bağdan hər il orta hesabla 30 tona yaxın meyvə toplayır: “Aqrotexniki qulluğu özümüz həyata keçiririk. Budama və məhsul yığımı dövründə əlavə işçi qüvvəsi cəlb edirik. Bu il ağacların budanması üçün muzdlu işçilərə 700 manat ödəmişik. İndi qarşıda duran əsas məsələ ağacları vaxtlı-vaxtında suvarmaq və dərmanlamaqdır. Amma su sarıdan ciddi çətinliyimiz var. Əvvəlki illərə nisbətən suvarma suyu çatışmır. Bağımızda almanın tezyetişən sortları da var. Amma çox azdır. Kütləvi məhsul yığımı avqust ayında olacaq. Bizim almanın əsas satış yeri Rusiya bazarlarıdır”.
Xaçmazda əksər bağbanlar yüksəkkeyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə də satıla biləcək məhsul yetişdirirlər. Alma daha çox qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə ixrac olunur. Keyfiyyəti nisbətən aşağı olan meyvə isə Quba və Xaçmaz rayonlarındakı emal müəssisələrinə təhvil verilir.