Salyanda çiyid səpini davam edir. Rayonda bu mövsüm 4 min 867 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, səpin başlayandan indiyə qədər rayonda 3227 hektar sahəyə çiyid səpilib. Son günlər havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları gün ərzində ümumilikdə 280–290 hektar sahədə çiyid səpin aparırlar. Əkinçilər müqavilə bağladıqları şirkətlər tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini qısa müddətdə başa çatdırmağa səy göstərirlər. Fermerlərin çiyid səpini və digər kənd təsərrüfatı işləri ilə bağlı qarşılaşacaqları çətinliklərin operativ şəkildə aradan qaldırması məqsədilə rayonda xüsusi qərargah yaradılıb.
Dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı fermerlərin bu sahəyə marağını iləbəil artırır. Rayonda iri fermerlərlə yanaşı, kiçik pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar.
Qeyd edək ki, ötən il Salyanda 4 min 788 hektar sahədə pambıq əkilib və 15 min 928,5 ton xam pambıq tədarük olunub.