IKT

05 May

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə təsərrüfatları ilə əlaqədar videokonfrans keçirilib

Respublika ərazisində karantin rejimi davam etdiyi üçün Aqrar Elm və İnnovasiya Mərkəzi yerli strukturları ilə məsafədən idarəetmə qaydalarının tətbiqini davam etdirir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, növbəti videokonfrans Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) bölgələrdəki təcrübə təsərrüfatlarının rəhbərləri ilə keçirilib. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdovun idarə etdiyi videokonfransda direktor müavinləri Fərman Kərimov, Samir Süleymanov, Əkbər Abbasov məsafədən onlayn rejimdə iştirak ediblər.

ÜŞETİ-nin direktoru Vüqar Səlimov institutun illik elmi və təsərrüfat hesabatını təqdim edib. Abşeron, Şamaxı və Gəncədə yerləşən təcrübə təsərrüfatlarının rəhbərləri bağlarda mövsümi qulluq işlərinin gedişi və davam etdirilən tədqiqat mövzuları ilə bağlı məlumat veriblər. Bildirilib ki, Abşeron təcrübə təsərrüfatının 22 hektarlıq ərazisində “Kişmişi”, “Şanı”, “Mədrəsə”, “Ağadayı” və “Moldova” sortlarından ibarət 5 hektarda kolleksiya bağı, 2,5 hektarda isə tinglik sahəsi salınıb, hazırda təsərrüfatda aktiv qulluq işləri davam etdirilir. Şamaxıda yerləşən təsərrüfatdakı 18 hektarda isə bölgənin torpaq-iqlim şəraitinə uyğunlaşmış yerli sortların tingliyi təşkil olunub. Gəncə Təcrübə Təsərrüfatının 40 hektarlıq bağında isə calaqaltı və kolleksiya sahəsi salınıb, eyni zamanda, introduksiya olunmuş bir sıra sortların adaptasiya xüsusiyyətləri öyrənilir.

Videokonfransda karantin günlərində həyata keçirilən tədbirlər haqqında məsələlər də müzakirə olunub. Yaz-tarla işlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması, fermerlər üçün məsafədən maarifləndirmə təlimlərinin daha da gücləndirilməsi və digər cari məsələlərlə bağlı tapşırıqlar verilib.