Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş toxumlardan əldə olunan ipəkqurdlarının qalan hissəsinin mayın 4-də bölgü əsasında dağlıq ərazidə yerləşən rayonların kümçülərinə paylanılması prosesinə başlanılıb.
Fins.az xəbər verir ki, Damazlıq İpəkçilik Stansiyasında olub, ipəkqurdlarının paylanılması prosesi ilə maraqlanıb.
Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 15 min qutu, həmçinin ötən il stansiyanın özündə yerli istehsal hesabına hazırlanmış 5 min qutu olmaqla, ümumilikdə, 20 min qutu hibrid ipəkqurdu sənaye toxumunun 17 min 250 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 2 min 750 qutu isə Zaqatala və Balakən rayonlarındakı məntəqələrdə inkubasiyaya qoyulmuşdu. Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdunun bir hissəsinin ilkin mərhələdə Aran bölgəsinin 25 rayonunun kümçülərinə paylanılması prosesi artıq başa çatıb. Eyni zamanda, Zaqatala və Balakən rayonlarında da kümçülərə ipəkqurdları paylanılıb.
Stansiya direktorunun sözlərinə görə, hazırda dağlıq ərazilərdə yerləşən 13 rayonun kümçülərinə ipəkqurdları paylanılır və proses mayın 6-dək davam edəcək.
Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə Qax rayonu üzrə 420 kümçüyə 860 qutu ipəkqurdunun paylanılması nəzərdə tutulub. Bunun 620 qutusunu elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil edir. Elit ipəkqurdlarından 25-28 ton yaş barama gözlənilir. Məhsulun 40 faizi damazlıq barama üçün seçiləcək və ondan növbəti mövsümdə kümçülərə paylanılmaq üçün 15-16 min qutu ipəkqurdu toxumu hazırlanacaq. “Toxum istehsalının ilbəil artması gələcəkdə respublikamızın ipəkqurdu toxumuna olan tələbatının tam şəkildə ödənilməsinə imkan yaradacaq, daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq”, - deyə Əkrəm Fətəliyev qeyd edib.