IKT

05 May

Qaxlı kümçülərə 860 qutu ipəkqurdu paylanılacaq

İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Qax rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, son illər rayonda təsərrüfatın bu gəlirli sahəsinə maraq göstərənlərin sayı xeyli artıb.

Fins.az xəbər verir ki, bu il Qax rayonunda yaş barama istehsalının 34,4 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün rayon üzrə 430 kümçüyə 860 qutu ipəkqurdu paylanılacaq. Qax Damazlıq İpəkçilik Stansiyasında artıq rayonun kümçülərinə elit və hibrid sənaye ipəkqurdlarının paylanılmasına başlanılıb.

Rayonun Dəymədağlı kəndindən olan Əhəd Hacıyev və Bəlyar Muradov bu il ilk dəfə baramaçılıqla məşğul olacaqlar. Onların hər ikisi stansiyadan 30 qram elit ipəkqurdu götürüb. Kəndin hər iki sakini bu il 80 kiloqram yaş barama istehsal etməyi qarşılarına məqsəd qoyublar.

Əhəd Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Son illər dövlətimiz kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın inkişafına da xüsusi diqqət və qayğı göstərir. Fərdi təsərrüfatımda heyvandarlıqla məşğul olsam da, bu il kəndlilərin tövsiyəsi ilə barama istehsal etməyə də qərar verdim. Baramaçılıq çox sərfəli və gəlirli sahədir. Qısa müddətdə əlavə gəlir əldə etmək olar. Keyfiyyətli damazlıq barama yetişdirsəm, qazancım daha da çox olacaq”.

Bəlyar Muradov da bu il damazlıq barama istehsalından yaxşı gəlir götürəcəyinə ümid edir.

Qeyd edək ki, ötən il Qax rayonunun kümçülərinə 200 qutu elit toxum paylanılıb. Mövsüm ərzində damazlıq təsərrüfatlarda 7236,7 kiloqram yaş barama istehsal olunub. Məhsulun 4709,9 kiloqramı sənaye baraması kimi “Azəripək” MMC-yə təhvil verilib, 2526,8 kiloqramı isə stansiya tərəfindən toxum istehsalı üçün seçilib. Qəbul olunmuş damazlıq baramanın hər kiloqramı üçün kümçülərə 20 manat, sənaye baraması üçün isə 9 manat ödənilib.