IKT

04 May

Sabirabadda 249 ailəyə ipəkqurdu toxumu paylanılıb

Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla həyata keçirlir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, ötən il rayonda 14 ton 593 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 18 ton barama istehsal etmək nəzərdə tutulub və bunun üçün 450 qutu (8650 qram) ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb.

Dövlətin bu sahənin inkişafı üçün göstədiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiyalar rayonda bu sahəyə olan marağı ilbəil artırır. Ötən il rayon üzrə 193 ailə barama istehsalı ilə məşğul olmuşdursa, bu mövsüm 249 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.

Qeyd edək ki, rayonda ipəkqurdunun yem bazasının möhkəmləndirilməsi üçün son 5 ildə 150 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib.