Muxtar respublikada üzümçülüyün inkişafına diqqət artırılıb, son illərdə yeni təsərrüfatlar yaradılıb. Onlardan biri də Babək rayonunun Nehrəm kəndindəki “Sumqala” üzümçülük təsərrüfatıdır.
Fins.az xəbər verir ki, beş il bundan əvvəl yaradılan üzümçülük təsərrüfatı 250 hektar sahəni əhatə edir. Hazırda təsərrüfatda xüsusi texnikalar vasitəsilə aqrotexniki qulluq və dərmanlama işləri görülür.
Ötən il təsərrüfatın 80 hektarlıq üzüm bağından min tondan çox məhsul götürülüb. Yığılan məhsullar yerli tələbatı ödəməklə yanaşı Bakı şəhərinə, həmçinin Rusiyanın və Ukraynanın bazarlarına ixrac olunub.
Bu il ərzində təsərrüfat daha da genişləndirilib. Burada 14 xarici ölkələrdən gətirilmiş üzüm sortu ilə yanaşı, 10-a yaxın yerli üzüm sortu da yetişdirilir. Yerli üzüm sortlarından kişmişi, mələyi, kürdəşi və digərləri daha çox alıcı rəğbəti görür. Sultanina, Viktoriya, Kardinal və digər üzüm sortları xarici ölkələrdən hazır calaq edilmiş şəkildə gətirilib.
Üzümçülük təsərrüfatının baş aqronomu İsgəndər Abdullayev qeyd edib ki, yeni salınan üzüm tənəklərinə xüsusi qulluq edilir. Çünki cavan tənəklər bir qədər zərif və kövrək olur. Təsərrüfatda bağların suvarılması üçün Gilançaydan kaptaj üsulu ilə su xətti çəkilib. Bununla yanaşı, Bənəniyar Su Anbarından da su götürülür. Suvarmanın səmərəli olması üçün damcı üsulundan istifadə edilir. İşlərin optimal müddətdə başa çatdırılması üçün təsərrüfatda 200-dən artıq işçi çalışır.
Təsərrüfatda üzümçülüklə yanaşı, alma və qarışıq meyvə bağları da var. Gələcəkdə burada meyvə və üzüm sirkələrinin, mürəbbələrin, üzüm bəkməzinin, alma və ərik cemlərinin istehsalı sahələrinin də yaradılması nəzərdə tutulub. Bu da əlavə iş yerlərinin açılmasına imkan yaradacaq.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş fəaliyyət proqramında qeyd olunur ki, 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi qarşıya mühüm vəzifələr qoyur. Ona görə də iqtisadi inkişafın prioritet istiqaməti kimi muxtar respublikanın xarici ölkələrlə qarşılıqlı ticarət əlaqələri daha da genişləndirilməli, xüsusilə də idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlər görülməlidir. “Sumqala” üzümçülük təsərrüfatı da ixrac üçün məhsullar istehsal edir. Ümumilikdə, ötən il muxtar respublikada 1400 hektardan çox sahədə üzüm bağı salınıb. Üzüm bağlarından 16 min 700 tondan çox məhsul götürülüb.