IKT

29 Aprel

Nazir: Bu il taxıl biçininə 1700-dən çox kombayn cəlb ediləcək

Builki mövsümdə respublikamızda taxıl biçininə 1700-dən çox kombaynın cəlb edilməsi nəzərdə tutulur. Bu kombaynlardan 728 ədədi biçin kampaniyasına “Aqrolizinq” ASC tərəfindən cəlb ediləcək. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu il əlavə olaraq, 125 ədəd taxılbiçən kombaynın alınması da nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Qaxda jurnalistlərə müsahibəsində məlumat verib.

Taxıl biçininə mayın sonunda start veriləcəyini diqqətə çatdıran nazir bildirib ki, cari ilin məhsulu üçün respublikamızda 1 milyon hektardan çox sahədə taxıl əkilib. Taxıl əkinlərinin 641 min hektarını buğda, 369 min hektarını arpa sahələri təşkil edir. Biçinə hazırlıqla bağlı əsas təşkilati məsələ kombaynların bu işə cəlb edilməsindən ibarətdir. “Hesab edirik ki, düzgün dislokasiya planının tərtibi, o cümlədən rayonlar üzrə düzgün planlaşdırma nəticəsində ötən il olduğu kimi, bu il də taxıl biçini dövründə heç bir problem olmayacaq”, - deyə İnam Kərimov qeyd edib.