Son illərdə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə görülən tədbirlər tovuzlu fermerlərin də bu sahəyə marağını artırıb.
Fins.az xəbər verir ki, Tovuz rayonu üçün ənənəvi sahə olan və gəlir gətirən tütünçülüyün son illərdə yenidən dirçəldilməsi fermerləri daha səmərəli üsulları tətbiq etməyə həvəsləndirir.
Tovuzlu tütünçülər təklif edirlər ki, yaş tütün yarpağı yerlərdə təhvil götürülərsə, onda hər hektarın məhsuldarlığı daha da yüksələr və bu sahənin rentabelliyi arta bilər. Həmin təşəbbüs nəzərə alınaraq, kənd təsərrüfatı istehsalçılarına kömək məqsədilə rayonda tütün qurutma məntəqəsi yaradılacaq. Hazırda “Tovuz Agro Sənaye” MMC nəzdində tütün qurutma məntəqəsinin tikintisinə başlanılıb.
Tütünçülükdə sağlam və standart şitil yetişdirilməsinin böyük əhəmiyyəti var. Qovlar şəhərində, Xatınlı, Aşağı Mülkülü, Aşağı Öyusüzlü kəndlərindəki istixanalarda bu sahədə yaxşı nəticələr əldə olunub və bu yerlərə uyğunlaşmış “Virciniya” sortlu tütün şitili yetişdirilib. Bu il rayonda 50-60 hektar sahədə tütün plantasiyası salınması nəzərdə tutulub. Hazırda tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Fermerlərin özlərinin yetişdirdikləri şitillərlə yanaşı, “Oğuz Aqro İndustry” MMC əlavə olaraq tütünçüləri daha məhsuldar tütün şitilləri ilə təmin edir.
Fermerlər xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə yaz-tarla işlərini aqrotexniki qaydada və vaxtında həyata keçirirlər. Hazırda tütün sahələrində qızğın iş gedir. Basdırılan şitillər suvarılır və onlara aqrotexniki qaydada qulluq göstərilir.