Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında 2020-ci il üçün ipəkqurdlarının paylanılması prosesinə başlanılıb. Bu il kümçülərə 20 min qutu ipəkqurdunun paylanılması nəzərdə tutulur. Keçən ilə nisbətən ən əlamətdar cəhət odur ki, 20 min qutu ipəkqurdu toxumundan 5 min qutusu bu stansiyanın özündə istehsal olunub və builki mövsümdə kümçülərə paylanılacaq. Gələn ildən ipəkqurdu toxumunun yerli istehsal hesabına daha da artırılması nəzərdə tutulur.
Fins.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov aprelin 29-da Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumlarının inkubasiyası nəticəsində əldə olunan ipəkqurdunun kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, builki mövsümdə kümçülərin sayında da artım nəzərdə tutulur. Belə ki, cari mövsümdə 6 minə yaxın kümçüyə ipəkqurdu paylanılacaq.
Baramaçılıq mövsümünə hazırlıqla bağlı görülən işlərə toxunan İnam Kərimov deyib: “Bu il mövsümə hazırlıq işləri daha fərqli, intensiv formada həyata keçirilib. İl ərzində kümçülər treninqlərə, təlimlərə cəlb olunublar. Aqrar Xidmətlər Agentliyi tərəfindən kümxanaların əksəriyyətində dezinfeksiya işləri aparılıb. Görülmüş işlər, o cümlədən dövlətimiz tərəfindən fermerlərə sırf baramaçılıqla bağlı verilən subsidiyalar, həyata keçirilən təşviq tədbirləri nəticəsində bu il baramaçılıqda məhsuldarlığın daha yüksək olacağı proqnozlaşdırılır”.