IKT

29 Aprel

Bu il Salyanda 4 min hektardan çox sahədə pambıq becəriləcək

Salyanda çiyid səpini davam edir. Rayonda bu mövsüm 4 min 867 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, səpin başlayandan indiyə qədər 1650 hektar sahəyə çiyid səpilib. Son günlər havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları gün ərzində 160-170 hektar sahədə çiyid səpini aparırlar. Əkinçilər müqavilə bağladıqları şirkətlər tərəfindən göstərilən hərtərəfi dəstəkdən yararlanaraq səpini qısa müddətdə başa çatdırmağa səy göstərirlər. Fermerlərin çiyid səpini və digər kənd təsərrüfatı işləri ilə bağlı qarşılaşacaqları çətinliklərin operativ şəkildə aradan qaldırması məqsədilə rayonda xüsusi qərargah yaradılıb.

Dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı fermerlərin bu sahəyə olan marağını ilbəil artırır. Hazırda rayonda iri fermerlərlə yanaşı, kiçik pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar.

Qeyd edək ki, ötən il Salyanda 4 min 788 hektar sahədə pambıq əkilib və 15 min 928,5 ton xam pambıq tədarük olunub.