Tovuzun Alakol kəndində yaşayan bağban Şahin Kazımov qulluq etdiyi bağı 20 il əvvəl salıb. Qeyri-adi görünüşlü, cəngəlliyi xatırladan bağda 300 mindən çox dekorativ bitki var.
Fins.az xəbər verir ki, Şahin Kazımovun məqsədi ölkəni dekorativ xarici bitki növləri ilə təmin etmək, bağların, xiyaban və parkların yaşıllıqlarla bəzədilməsinə öz töhfəsini verməkdir.
Bağ yaşıllığı ilə diqqət çəkir. Şahin Kazımov Afrikadan, Cənubi Amerikadan, Avropadan bir-birindən maraqlı bitkilərin toxumlarını əldə edərək, onu yerli iqlimə uyğunlaşdırır, toxum götürür və yenidən səpərək bitkini çoxaldır. Dekorativ bitkilərin qiymətləri isə müxtəlifdir - 1 manatdan 1500 manatadək, hətta ondan da baha. Palma, qordina, aquba, azaliya və sair bitkilərin hamısı bu bağda becərilir.
Ona bitkilərə qulluq göstərilməsində ailə üzvləri də kömək edir. Demək olar ki, səhərdən axşama kimi ailəlikcə günlərini bağda keçirirlər.
Əsasən həmişəyaşıl bitkilər becərən bağban gələcəkdə təsərrüfatını daha da genişləndirmək niyyətindədir.
Şahin Kazımov kəndin gözəlliyinə də öz töhfəsini verib. Belə ki, kənd yolunun ətrafına bu ağaclardan, eləcə də dekorativ güllərdən əkib.