IKT

28 Aprel

Ağcabədidə 440,9 hektar sahədə şəkər çuğunduru əkilib

Ağcabədi rayonunda torpaq mülkiyyətçilərinin və fermerlərin becərdikləri kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, rayonda şəkər çuğunduru əkini başa çatıb. Ümumilikdə 440,9 hektar sahədə səpin aparılıb və bitiş alınıb. Hazırda becərmə işləri aparan fermerlər sahələri ketmənləyir, kultivasiya işləri aparırlar. Məhsul yığımına sentyabr ayında başlanılacaq.

Qeyd edək ki, ötən il Ağcabədi rayonunda 848 hektar sahədə şəkər çuğunduru becərilib, 27015,6 ton məhsul əldə olunub. Hər hektardan orta məhsuldarlıq 318,5 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.