Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən təsdiq olunan heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planına əsasən, Ucar rayonunda 13 baytar məntəqəsi tərəfindən 29 kənddə peyvəndləmə işləri aparılır.
Rayon baytarlıq idarəsindən Fins.az-a verilən məlumata görə, iribuynuzlu heyvanlarda dabaq, təkdırnaqlılarda qarayara, sahibli itlərdə quduzluq, ev quşlarında isə taun xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılır. İlin əvvəlindən bəri 43700 baş iribuynuzlu, 38100 baş təkdırnaqlı heyvanda, 3237 baş sahibli itdə və 150 baş donuzda vaksinasiya işləri görülüb. Ev quşlarında da bu tədbir həyata keçirilib.
Qeyd edək ki, bütün baytarlıq məntəqələri peyvəndləmə işlərinin mütəşəkkil aparılması üçün lazımi avadanlıqlar və biopreparatlarla tam təmin olunub. Xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısının alınması üçün dövlət tərəfindən maliyyələşdirilən preparatların istifadəsi zamanı şəffaflığın təmin edilməsi məqsədilə onların üzərinə “satıla bilməz” xəbərdarlığı yazılıb.
Rayon ərazisində il ərzində 48000 baş iribuynuzlu, 58000 baş xırdabuynuzlu, 38100 baş təkdırnaqlı, 3500 baş it və 386000 baş ev quşlarında, 150 baş donuzda peyvəndləmə işlərinin görülməsi nəzərdə tutulub.