IKT

27 Aprel

Azərbaycanda ilbiz kürüsü satılır: Kiloqramı 6 min manata - FOTO

“Ziyanverici həşəratdır” deyərək tələf etdiyimiz ilbizi avropalılar ən qiymətli delikates kimi menyularında istifadə edirlər. Azərbaycan üçün qeyri-ənənəvi olan bu sahədən ölkəmizdə gəlir qazananlar da var. Düzdür, onların sayı elə də çox deyil. Belə təsərrüfatçılardan biri də Şamaxı rayon sakini Akif Əmralıdır. O, fərdi həyətində ilbiz təsərrüfatı yaradıb. Sənəti diş həkimi olmasına baxmayaraq, 20 ildən çoxdur ilbiz kürüsü satmaqla qazanc əldə edir.

Akif Əmralı Fins.az-a bildirib ki, bu sahə ilə çoxdandır maraqlanırmış. Dünyada ilk dəfə ilbiz kürüsünün kütləvi istehsalına 1987-ci ildə Fransada başlanıldığını və 1989-cu ildə satışa çıxarıldığını deyən Akif Əmralı bundan sonra, 1990-cı ildə ilbizlərin toplanmasına, yetişdirilməsinə və satışına qərar verib. O, təsərrüfatından əldə etdiyi ilk məhsulu 1997-ci ildə yerli, 2017-ci ildə isə xarici bazara çıxarmağa müvəffəq olub. Vurğulayır ki, proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti dünyada bir çox xalqlar tərəfindən yeyilir. Bizdən fərqli olaraq, bir sıra Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak edilir, amma buna baxmayaraq, dünyada ilbiz ətinə olan tələbatın 70 faizi ödənilmir.

Fermerin ən böyük arzusu 1 kiloqramı 6000 manata satılan ilbiz kürüsünü kütləvi şəkildə xarici bazarlara çıxarmaqdır. Onun sözlərinə görə, Yer üzərində 32 min ilbiz növü var. Amma tənək ilbizlərinin ətindən və kürüsündən istifadə etmək daha faydalıdır. Qidalanmada da ən bahalı delikateslərdən sayılır. Eyni zamanda, ilbizin kürüsü çox qiymətli müalicə vasitəsidir. Ondan tibdə yanıqların sağalması, dəridəki çapıqların aradan qaldırılması, ginekoloji xəstəliklər, cinsi zəiflik, dərini cavanlaşdırmaq, ləkələri aradan qaldırmaq və immuniteti artırmaq üçün istifadə olunur. Müxtəlif dərman preparatları da hazırlanır. Həmçinin dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda ilbiz kremlərindən istifadə geniş yayılıb.

Altı-yeddi il ömür sürən ilbizlər əsasən göy otlardan, tərəvəz və meyvələrdən qidalanır. Akif Əmralı deyir ki, ilbizlərin erkəyi, dişisi olmur. İstənilən ilbiz bir-biri ilə mayalana bilir. Yay və yaz aylarında torpağın altında hər bir ilbiz 60-70 yumurta (kürü) qoyur. Bala ilbizlər 21 gündən sonra yumurtadan çıxır.

Fermer kürü götürəcəyi ilbizlərin 4,5 yaşı olduqda olanlara xüsusi qulluq edir, belə olan halda götürülən məhsul daha keyfiyyətli olur. Azərtac