Biləsuvarda çiyid səpini uğurla davam edir. Ötən il pambıq plantasiyalarından 30 min 249 ton xam pambıq toplayan biləsuvarlı “ağ qızıl” ustaları cari ildə 9 min 839 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün 1613 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlar lazımi texnika, toxum ilə təmin olunub və digər köməkliklər göstərilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan pambıq istehsalçıları qısa müddətdə 5 min 32 hektardan çox sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə ümumilikdə 350-400 hektar sahəyə çiyid səpilir. Səpin aparılmış sahənin 2 min 226,6 hektarı “MKT-İK” MMC-yə, 1047 hektarı “AZƏRPAMBIQ” MMC-yə, 1459,1 hektarı “P-AQRO” MMC-yə, 306 hektarı isə “Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur. Məhsul istehsalçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, artlq ilkin səpin aparılmış 556 hektar sahədə yaxşı bitiş alınıb.