IKT

27 Aprel

Pambığın tirəyə əkin üsulu ilə becərilməsi məhsuldarlığı 30-35 faiz artırır

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində bu il ilk dəfə pambığın innovativ texnologiya ilə becərilməsi həyata keçiriləcək. Bir neçə gündür ki, çiyidin ənənəvi üsuldan fərqli olaraq, tirəyə əkin üsulu ilə səpininə başlanılıb.

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərov Fins.azın bölgə müxbirinə tirəyə əkin üsulunun üstünlükləri barədə danışıb. Bildirib ki, ağır, qaysaq bağlayan torpaqlarda bu üsulla səpin aparılması məqsədəuyğundur. Tirəyə əkin üsulu zamanı torpaqda su-qida-hava rejimi, torpağın münbitliyi qorunub saxlanılır. Kök çürümə xəstəliyinin qarşısı alınır. Optimal müddətdə cücərmə alınır, vegetasiya müddəti adi səpindən 10-15 gün qısalaraq 130 günə başa gəlir. Məhsuldarlıq 30-35 faiz yüksəlir, bar orqanlarının tökülmə faizi azalır. Cərgə aralarının becərilməsi asanlaşır.

Adi səpinlə müqayisədə tirəyə səpin toxum üçün də əlverişlidir. Bu üsulla becərmə zamanı bitkinin Günəş şüasından istifadəsi yüksəlir, cücərmə tez alınır, normal böyümə və inkişaf olur, məhsuldarlıq hər hektara 8 sentner artır.