Kürdəmirdə rayon icra hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videokonfrans keçirib.
Fins.az xəbər verir ki, video konfransda çıxış edən icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Həmçinin tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Kürdəmir rayonunda da aparılan tibbi-profilaktik, dezinfeksiya tədbirlərindən, tənha ahıl insanlara, aztəminatlı ailələrə göstərilən qayğıdan bəhs edib.
Videokonfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan icra başçısı bildirib ki, Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr Kürdəmir rayonunda da uğurla icra olunur. Qeyd edilib ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Fermerlər kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün sərbəst hərəkət edə bilirlər.
Dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin də Kürdəmir rayonunda uğurla icra olunduğunu bildirən icra başçısı vurğulayıb ki, bu sahədə görülən məqsədyönlü işlərin nəticəsində rayonda barama istehsalı ildən-ilə artır. Bu il də yüksək məhsul əldə etmək üçün kümxanaların əvvəlcədən hazırlanması, kümçülərə lazımi köməkliyin göstərilməsi və ipəkqurdunun sağlam şəraitdə bəslənilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Cari ildə Kürdəmir rayonunda pambıqçılıq sahəsində uğurlu nəticə əldə etmək üçün görülən işlər barədə danışan Ceyhun Cəfərov əkin sahələrinin vaxtında suvarılması, mineral gübrələr, dərmanlar, herbisid və pestisidlərlə təmin edilməsi, texnika ilə təminat kimi məsələlərdən bəhs edib, bu sahədə mövcud vəziyyət geniş təhlil olunub.
Video konfransda çıxış edən icra nümayəndələri təsərrüfat işlərinin gedişi barədə məlumat verib, təkliflərini bildiriblər.