Muxtar respublikada kartofçuluğun inkişaf etdirilməsi sahəsində görülən işlər nəticəsində kartof əkinləri ildən-ilə genişləndirilir.
Fins.az xəbər verir ki, torpaq mülkiyyətçilərinin keyfiyyətli toxumlarla təmin olunması məqsədilə ötən il olduğu kimi, bu il də xaricdən yerli şəraitə uyğun kartof toxumları gətirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədovun verdiyi məlumata görə, hər il yaz aylarında kartofçuluqla məşğul olan torpaq mülkiyyətçilərinin müraciəti əsasında onlara bir sıra güzəştlər və yardımlar olunur.
Bu günə qədər muxtar respublikaya 1900 tondan artıq toxumluq kartof idxal olunub və 400 hektardan çox sahədə kartof əkini aparılıb. Xaricdən gətirilən toxumluq kartofa gömrük rüsumları alınmır.
Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində strateji əhəmiyyətə malik olan kartofçuluq sahəsinə də marağı artıb. Bu istiqamətdə görülən işlər nəticəsində hazırda muxtar respublikanın ərzaq anbarlarında kifayət qədər kartof ehtiyatı yaradılıb.