IKT

25 Aprel

Hacıqabulda birinci rübdə süni mayalanma yolu ilə 546 baş buzov alınıb

Hacıqabulda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, mal-qara və qoyun-keçilərin baş sayını artırmaq məqsədilə işlər görülür ki, bu da öz növbəsində heyvandarlıq məhsullarının istehsalının artmasına təkan verir.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilərək artırılır, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, hazırda rayonda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 1144 baş inək və düyədən cari ilin üç ayı ərzində 546 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 177 baş çoxdur.

Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 54 min 600 manat subsidiya ödənilib.

Qarasu kəndində fəaliyyət göstərən fermer Qabil Əliyevin dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.