IKT

24 Aprel

Aqrar Xidmətlər Agentliyi: Baytarlıq fəaliyyəti ilə bağlı təkliflər hazırlanacaq

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən verilən məlumata görə, Fərmana uyğun olaraq xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında müqavilə bağlanması yolu ilə həyata keçiriləcək.

Agentlikdən Fins.az-a bildiriblər ki, bununla bağlı, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin siyahısı iki ay müddətində müvafiq qurumlarla birgə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək. Qeyd edək ki, mövcud olan 798 sahə baytarlıq məntəqəsinin 2022-ci ilin sonunadək ləğv edilməsi, eyni zamanda, bu sahədə çalışan baytar həkimləri və feldşerlərlə xidməti müqavilələrin bağlanması nəzərdə tutulur.

Karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizmi müvafiq qurumlarla birgə hazırlanıb, iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunacaq.

“Fərmanda qeyd edilən əsas məsələlərdən biri baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə baytarlıq subyektlərinin peşəkarlığının artırılmasıdır. Bununla əlaqədar, baytarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquq şəxslərin peşəkarlığının, bilik səviyyəsi və sayının artırılması ilə bağlı təkliflər müvafiq qurumlarla birgə hazırlanıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək”, - deyə agentlikdən bildirilib.