IKT

24 Aprel

Elmi-tədqiqat institutları karantin rejimində fəaliyyətlərini davam etdirirlər

Respublika ərazisində karantin rejimi elan olunan gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi yerli strukturları ilə məsafədən idarəetmə qaydalarının tətbiqinə başlayıb. Yaz-tarla işləri başladığı üçün cari tapşırıqların icra olunması WhatsApp qrupları, qarşıya çıxan problem və qayğıların həll olunması isə videokonfranslar vasitəsi ilə həyata keçirilir. Elmi-tədqiqat institutları (ETİ), regional aqrar elm və innovasiya mərkəzləri fermerlər üçün telefon, WhatsApp vasitəsi ilə məsləhətlərin verilməsini həyata keçirir, mövsümi qulluq tədbirləri ilə bağlı videotəlimlər hazırlayaraq yayırlar.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az bildirilib ki, Aqrar Elm və İnnovasiya Mərkəzində növbəti videokonfrans elmi-tədqiqat institutlarının direktorları ilə keçirilib. Videokonfransda mərkəzin direktoru İmran Cümşüdov, direktor müavinləri Fərman Kərimov, Samir Süleymanov, Əkbər Abbasov və institut direktorları iştirak ediblər. Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev, Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru Vüqar Səlimov, Tərəvəzçilik ETİ-nin direktoru Elmar Allahverdiyev, Baytarlıq ETİ-nin direktoru Siyalə Rüstəmova, Heyvandarlıq ETİ-nin direktoru Mahir Hacıyev, Meyvəçilik və Çayçılıq ETİ-nin direktoru İlham Qurbanov, Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru Elçin Xəlilov institutlarda aparılan elmi tədqiqat işlərinin vəziyyəti, təcrübə stansiyalarında aparılan yaz-tarla işlərinin gedişatı haqqında ətraflı hesabat verib, davam edən karantin günlərində həyata keçiriləcək tədbirlər haqqında çıxış ediblər.

Videokonfransda yaz-tarla işlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması, fermerlər üçün məsafədən maarifləndirmə təlimlərinin daha da gücləndirilməsi, payızlıq əkinlərdə vegetasiya mərhələsinin təhlili, idarəetmə prosesində innovativ həllərin tətbiqi və digər cari məsələlər müzakirə olunub.

Respublika ərazisində karantin rejiminin davam etməsinə baxmayaraq, institutların iş rejiminin fasiləsiz təmin olunması ilə bağlı tapşırıqlar verilib.

Videokonfransda digər cari məsələlər də ətraflı müzakirə olunub.