IKT

24 Aprel

Balakəndə 100 hektardan çox sahəyə tütün şitilləri köçürülüb

Bu il Balakən rayonunun təsərrüfatlarında 420 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Balakənli fermerlər cari ildə 356,5 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 60,5 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 102 hektar sahəyə tütün şitilləri köçürüblər.

Bu barədə Fins.az-a Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, təsərrüfatçılar insanların sağlamlığının qorunması məqsədilə hələlik sahələrə məhdud sayda işçi çıxarır, texnikadan istifadəyə üstünlük verirlər.

Rayonda kənd təsərrüfatının gəlirli sahələrindən olan qarğıdalı əkininə də maraq ildən-ilə artır. Bu il rayonun tarixində rekord səviyyədə - 7500 hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda qarğıdalı əkini davam edir. Fermerlər qısa müddətdə 700 hektaradək sahəyə qarğıdalı əkiblər.

Balakəndə tərəvəzçiliyin əsas sahələrindən olan faraş xiyar yığımına da başlanılıb. İstixana şəraitində yetişdirilən məhsul satış üçün Bakı şəhərinə, həmçinin respublikanın digər rayonlarına göndərilir.