IKT

23 Aprel

Xaçmazda yeni salınan gilas bağlarında damcılı suvarma üsulundan istifadə olunur

Xaçmaz rayonunda son illərdə salınan yeni gilas bağlarında müasir suvarma üsullarından istifadə olunur.

Fins.az xəbər verir ki, rayonun Arzu kəndində 7 hektara yaxın sahədə salınmış intensiv gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir. Üç-dörd il əvvəl əkilən gilas ağaclarından bu il ilk məhsul toplanacaq. Bağlarda Türkiyədən gətirilən gilas sortları becərilir. Ötən il rayonda 266 hektar yeni gilas bağı salınıb.

Bağa qulluq edən təsərrüfatçı Rəhman Novruzov qeyd edib ki, damcılı suvarma üsulunun bir çox üstünlükləri var.

“Bu sistemdə su boru üzərində yerləşdirilmiş damcıladıcılar vasitəsilə birbaşa bitkinin kökünə çatdırılır. Həmçinin su ilə birlikdə ehtiyac olan gübrələri də bitkiyə ötürmək olur. Bu suvarma sisteminin əsas üstünlüklərindən biri suya qənaət olunmaqla geniş ərazilərin suvarılması üçün əlverişli olmasıdır. Damcılı suvarmada torpağın humus qatı qorunur, qrunt sularının səviyyəsi artmır. Cərgələr arası quru qaldığı üçün alaq otları inkişaf etmir. Bütün ağaclara eyni miqdarda su payı düşür. Bu üsul suya, işçi qüvvəsinə, gübrəyə və zamana qənaət etməklə bol məhsul əldə etməyə imkan verir”, - deyə təsərrüfatçı bildirib.

Damcılı suvarma sistemini mürəkkəb relyefli yerlərdə salınan meyvə bağlarında da tətbiq etmək olar. Amma damcı sistemində su təmiz olmalıdır. Bulanıq su damcıladıcıların və boruların tutulmasına səbəb ola bilər. Su bulanıqdırsa sutəmizləyici qurğulardan istifadə etmək lazımdır. Damcılı suvarma su çatışmazlığı yaşanan ərazilər üçün ən ideal suvarma üsuludur.

Xaçmazın ənənəvi gilas bağlarında iyun ayından məhsul yığımına başlanılacaq. Hazırda çiçəklənmə dövründə olan ağaclarda məhsuldarlığın yüksək olacağı proqnozlaşdırılır. Rayonda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir. Xaçmaz rayonunda, ümumilikdə, 2 min 441 hektar gilas bağı var ki, bunun da 1769 hektarı barverəndir. Ötən il gilas bağlarından 17 min 403 ton məhsul yığılıb. Hər hektara görə məhsuldarlıq 100 sentnerə yaxın olub.

Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, xüsusi karantin rejimində fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir.

Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.