Saatlıda çiyid səpini sürətlə davam edir. Son günlər havaların qeyri-sabit keçməsinə baxmayaraq, fermerlər gün ərzində 640-650 hektar sahəyə toxum səpirlər. Səpin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları bu günə kimi 7528,9 hektar sahədə səpin aparıblar. Ötən il respublika üzrə ən çox “ağ qızıl” istehsal edən rayon pambıqçıları cari ildə də əzmlə çalışır, daha çox məhsul istehsal etmək üçün bütün lazımi tədbirləri həyata keçirirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, bu il Saatlıda 13 min 785 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bu məqsədlə 2 min 950 nəfər torpaq mülkiyyətçisi ilə müqavilələr bağlanılıb və onlar lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər.
Bu günə kimi rayonda fəaliyyət göstərən “MKT” MMC 2825,6 hektar, “Azərpambıq” MMC 1681 hektar, “Aqro AZ” MMC 2420 hektar, “P-Aqro” MMC 602,3 hektar sahəyə çiyid səpib. Rayonda səpin kampaniyası uğurla davam edir. Məhsul istehsalçıları səpini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Qeyd edək ki, ötən il Saatlıda 13 min 741 hektar sahədə pambıq əkilib və 41 min 813 ton məhsul istehsal olunub.