"PAŞA Holdinq" MMC fermerlərə güzəştli mikrokreditlər vermək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) 5 milyon manat ianə edib.
Bu barədə Fins.az-a nazirlikdən bildirilib.
Məlumata görə, bununla holdinq Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək etmək məqsədilə atdığı addımı dəstəklədiyini nümayiş etdirib.
Xatırladaq ki, dövlət başçısı 14 aprel 2020-ci il tarixli sərəncamı ilə koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatı üçün 30 milyon manat vəsait ayırıb. Həmin vəsait fermerlərə 15 min manata qədər mikrokreditlərin verilməsinə yönəldiləcək. 3 il müddətinə 12 ay güzəştlə verilən kreditlər bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün nəzərdə tutulub.
Holdinqin ianə etdiyi vəsaitdən kənd yerlərində 1 000-ə yaxın fermer ailəsinin faydalanacağı planlaşdırılıb.
Kreditlər fermerlərə AKİA-nın müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək.
“İmzaladığımız sazişə görə, "PAŞA Holdinq"in bizə ayırdığı vəsait yalnız ona aid olmayan müvəkkil kredit təşkilatları vasitəsilə fermerlərə veriləcək. Bu razılaşma holdinqin fermerlərlə yanaşı, həm də bank sektoruna dəstəyidir. Vəsait revolver, yəni geri qayıdan olduğu üçün ilkin mərhələdə nəzərdə tutulduğundan daha çox ailə-fermer təsərrüfatı ondan faydalanacaq”, - deyə AKİA-nın sədri Mirzə Əliyev bildirib.
"Kənd təsərrüfatı ölkə iqtisadiyyatının inkişafı üçün vacib olan istiqamətlərdən biridir. Bu sahə bizim hər zaman gündəliyimizdə olan fəaliyyət sahəsidir. Məhz buna görə də holdinqimiz belə bir düşünülmüş sosial məsuliyyət addımı atıb. Əminik ki, ölkədə digər iri holdinq və şirkətlər də kiçik fermer təsərrüfatlarına dəstək çağırışına qoşulacaqlar”, - deyə "PAŞA Holdinq"in Baş İcraçı Direktoru Cəlal Qasımov qeyd edib.