Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, heyvanlar arasında baş verən infeksion xəstəliklərdən biri də salmonellyozdur (paratif). Salmonellyoz) dayça, buzov, quzu, donuz balası (çoşqa), xəzdərili, vəhşi quş və başqa heyvanların infeksion xəstəliyi olub, isitmə, mədə-bağırsaq sisteminin pozğunluğu, pnevmoniya ilə səciyyələnir.
Aqrar Xidmətlər Agentliyindən Fins.az-a bildirilib ki, salmonellyoza bütün növ kənd təsərrüfatı heyvanları və quşlarının başlıca olaraq körpə və cavanları tutulur. Salmonellyozla buzovlar 10 günlükdən 2 aya qədər və daha artıq, donuz balaları (çoşqalar) doğulan günündən 4 aylığa qədər, quzular və dayçalar ilk günlərdən 3 aylığa qədər xəstələnirlər. Salmonellyozla insanlar da yoluxur.
Xəstəlik zamanı temperaturun yüksəlməsi, zəiflik, ürək-damar fəaliyyətinin pozulması, nəbz və tənəffüsün tezləşməsi, hərəkət koordinasiyasının pozulması, tüklərin pırpızlaşması kimi əlamətlər görünür. Xəstəliyin 2-3-cü günlərində mədə-bağırsaq pozuntuları başlayır. Nəcis kütləsi sıyıq, rəngi boz-sarımtıl, qanla qarışıq və bəzən selikli olur. Nəcisdə hava qovuqcuqları və pis iy olur. Heyvanda öskürək olmaqla ağciyərdə xırıltılar, küt səslər eşidilir. Temperatur 40,5-41,5°C-yə yüksəlməklə xeyli müddət davam edir. Heyvan arıqlayır, zəifləyir, yatır, çənəsini yerə söykəyir, onda tədricən komatoz (halsızlıq) başlayır və 3-7 gün içərisində tələfat baş verir. Cəmdək tez çürüyür.
Salmonellyoz əleyhinə ümumi profilaktika məqsədilə təsərrüfatlarda baytarlıq-sanitariya, yemləmə, saxlama şəraitinə ciddi fikir verilməli, xəstə heyvanlar ayrıca saxlanmalı və müalicəyə cəlb olunmalıdırlar. Bundan əlavə təsərrüfata xəstəliyi gətirə biləcək bütün vasitələrə baytarlıq nəzarəti gücləndirilməlidir. Digər təsərrüfatlarla əlaqə baytar həkiminin icazəsi ilə olmalıdır.
Orqanizmin immun sistemini gücləndirmək üçün körpə heyvanlara bakterial preparatlar verilməlidir.
Təsərrüfatda dezinfeksiya, dezinseksiya və deratizasiya işini təşkil etməli, peyin biotermiki zərərsizləşdirilməli, süd pasterizasiya edilməlidir. Xəstəlik zamanı bütün körpə heyvanlar termometriya edilir, xəstə və xəstəliyə şübhəli heyvanlar ayrılaraq simtomatik müalicəyə cəlb olunur. Sağlamlarda vaksinasiya aparılır.
Heyvanlarda salmonellyoz xəstəliyinə qarşı müalicə-profilaktika işləri heyvan sahibinin hesabına icra olunur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, salmonellyozun müalicə-profilaktikasında istifadə olunan dərman vasitələri baytar həkiminin təyinatı (resepti) ilə baytarlıq apteklərindən alınmalı və onun iştirakı ilə heyvana tətbiq olunmalıdır.