IKT

22 Aprel

Bu rayonda ilk dəfə olaraq istixana şəraitində kartof əkilib

Bu il ilk dəfə olaraq muxtar respublikanın Şərur rayonunda istixana şəraitində kartof əkini aparılıb, əkin sahələri genişləndirilib.

Fins.az xəbər verir ki, bu şəraitdə kartofun vegetasiya müddəti açıq sahələrlə müqayisədə tez baş verir. Eyni zamanda, tez yetişən kartofun alış qiyməti də yüksək olur.

İstixana şəraitində kartof yetişdirən sahibkar Yusif Quliyev qeyd edib ki, bu il onlar istixana şəraitində kartof əkinini təcrübədən keçirirlər. Məqsəd ondan ibarətdir ki, yerli bazarlar təzə kartofla təmin olunsun. Bu məqsədlə 2000 kvadratmetr sahədə istixana şəraitində kartof əkini aparılıb. Nəticədən asılı olaraq, gələcəkdə bu işi daha da genişləndirəcəklər.

Şərur rayonunda kartof əkinləri əsasən Aralıq, Ələkli, Cəlilkənd, Zeyvə, Düdəngə, Xanlıqlar və Sərxanlı kəndlərində aparılır. Ötən il 17 min tona yaxın kartof əldə edən təsərrüfatçılar bu bitkinin əkilib becərilməsində zəngin təcrübəyə malikdirlər. 2019-cu ildə rayonda 1094 hektar sahədə kartof əkini aparılıb. Məhsuldarlıq hər hektardan 154,4 sentner olub. Bu il isə 400 hektara yaxın açıq sahədə kartof əkilib və əkin davam etdirilir.

Torpaq mülkiyyətçisi Mübariz Şirəliyev kartof əkini üçün torpağın və texnikanın hazırlanması işlərini əsasən payız aylarında həyata keçirdiklərini qeyd edib. Bildirib ki, kartof əkiləndən sonra herbisidlərdən istifadə edir, bütün işlərini texnikalar vasitəsilə həyata keçirir. Mübariz Şirəliyev vurğulayıb ki, buna görə də Şərurda yetişdirilən kartof ekoloji cəhətdən təmiz və sağlam olur. Rayonda yetişdirilən faraş kartof may ayının ikinci ongünlüyündə bazara çıxarılacaq.

Kartof istehsalında diqqət yetirilən məsələlərdən biri də yüksək reproduksiyalı toxumla təchizat məsələsidir. Artıq bu məsələ də öz həllini tapıb. Muxtar respublikada yaradılan toxumçuluq təsərrüfatları fermerlərin keyfiyyətli toxumlarla təmin olunmasına yaxından kömək göstərirlər. Xaricdən gətirilən toxumluq kartofa isə gömrük rüsumları alınmır.

Əkin sahələrinin genişləndirilməsi üçün təsərrüfat suyuna olan tələbatın ödənilməsi, qapalı suvarma şəbəkələrinin qurulması, torpaq mülkiyyətçilərinin güzəştli şərtlərlə kredit, texnika və avadanlıqlarla təmin olunması hesabına torpaq mülkiyyətçilərinin kartofçuluğa olan marağı artıb. Fermerlər və təsərrüfat sahibləri dövlət tərəfindən texnika və avadanlıqlarla da təmin olunurlar. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikaya 8 kartofəkən və kartofçıxaran avadanlıq gətirilib. Onların 4-ü güzəştli şərtlərlə fermerlərə satılıb.

Aqrar sahədə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın anbarlarında kifayət qədər kartof ehtiyatı yaradılıb. Bu da əhalinin ilboyu ərzaqla təminatına imkan verir.

Son illərə qədər muxtar respublikada bu məhsula olan ehtiyac idxal hesabına ödənilirdisə, hazırda tələbat yerli istehsal hesabına ödənilir.

Qeyd edək ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş fəaliyyət proqramı kənd təsərrüfatı sahəsində də uğurla icra edilir. Fəaliyyət proqramında qeyd olunur ki, hər bir ölkədə inkişafın əsas hədəfi ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada aqrar sahədə görülən işlər, həyata keçirilən islahatlar bu məqsədə hesablanıb. Adıçəkilən proqramın icrası çərçivəsində 2020-ci ildə muxtar respublikada kənd təsərrüfatının bütün sahələrində, eləcə də kartofçuluq sahəsində ixtisaslaşmış təsərrüfatların inkişafına diqqət artırılıb.