IKT

22 Aprel

İmişlidə gün ərzində 550-600 hektar sahəyə çiyid səpilir

İmişlidə çiyid səpini davam edir. Ötən il 20 min tona yaxın xam pambıq istehsal edən imişlili fermerlər cari ildə 6 min 890 hektar sahəyə çiyid səpməyi planlaşdırıblar. Sahələrdə bol məhsul yetişdirmək üçün 903 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlara lazımi kömək göstərilir. Əkinçilər xoş keçən günlərin hər dəqiqəsindən səmərəli istifadə edir, səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, əkin sahələri şumlanıb, arata qoyulub və malalanaraq səpinə hazırlanıb. Texnika sarıdan da heç bir çətinlik yoxdur. Sahələrə kifayət qədər maşın-mexanizm və səpin aqreqatı çıxarılıb. Səpin zamanı rayonlaşdırılmış toxum sortları ilə yanaşı, Türkiyədən gətirilmiş yüksək reproduksiyalı toxumlardan da istifadə olunur. İşin yaxşı təşkili nəticəsində gün ərzində 550-600 hektar sahəyə toxum səpilir. Artıq 2 min 753.8 hektar sahədə çiyid səpini aparılıb. Məhsul istehsalçıları səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün intensiv üsullardan səmərəli istifadə edirlər.