IKT

22 Aprel

Kənd təsərrüfatında çalışanların sosial yükü azaldılır

Azərbaycanda kənd təsərrüfatında çalışanların sosial yükü azaldılacaq.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi sənədinə istinadən xəbər verir.

Mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6%-i miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur:

5 hektaradək olduqda - 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;

10 hektardan yuxarı - 10 faiz miqdarında.

Nümunə üçün deyək ki, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq 5 manat məbləğində, cəmi ailə üzvləri isə 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.

Habelə torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.