IKT

22 Aprel

Beyləqanda yüksək keyfiyyətli hibrid qarğıdalı səpini aparılır

Beyləqanda Türkiyədən gətirilən hibrid qarğıdalı əkini aparılır. 140 hektar ərazini əhatə edən sahənin 100 hektarı dən, 40 hektarı isə silos üçün nəzərdə tutulub.

Fins.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Beyləqan təsərrüfatında xaricdən gətirilən yüksək keyfiyyətli hibrid qarğıdalı səpininə start verilib.

MMC-nin Beyləqan rayonu üzrə əməkdaşı Ceyhun Əsədov bildirib ki, gələcəkdə bol məhsul əldə etmək üçün sahədə öncədən lazımi aqrotexniki qaydalar yerinə yetirilib. Torpaq arata qoyulub, şumlanıb, riper mala vasitəsilə yumşaldılaraq əkin vəziyyətinə gətirilib. Hazırda karantin rejimi qaydalarına uyğun olaraq sahədə toxum səpini aparılır. Əsasən yüksək məhsuldarlığı ilə seçilən PL700 və “Torro” qarğıdalı toxum sortlarına üstünlük verilir. Dənlik məhsulun 130, silosluq məhsulun isə 90-100 gündən sonra yığılması nəzərdə tutulub.

Hər iki sort qarğıdalının ölkənin yeyinti və yüngül sənayesinin xammal təminatının formalaşdırılmasında strateji əhəmiyyətə malik olduğu bildirilir. Yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə bütün aqrotexniki qaydalara riayət olunmaqla, səpinin optimal müddətdə başa çatdırılması planlaşdırılır.