Respublikanın ən iri pambıqçılıq rayonu olan Saatlıda cari ilin məhsulu üçün çiyid səpini davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, bu il Saatlıda 13 min 785.4 hektar sahədə pambıq əkini aparmaq nəzərdə tutulub. Ötən il ölkə üzrə ən çox - 41 min 813 ton “ağ qızıl” istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün lazımi tədbirləri vaxtında həyata keçiriblər. Bu məqsədlə rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi 2950 məhsul istehsalçısı ilə müqavilə bağlayıb, 13 min 785.4 hektar sahədə qış şumu aparılaraq arata qoyulub, suvarma kanalları vaxtında lildən təmizlənib, çiyid səpiləcək sahələr malalanıb. Artıq bir neçə gündür ki, rayonda kütləvi çiyid səpininə başlanılıb. Səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün torpaq mülkiyyətçiləri lazımi maşın–mexanizm və ən məhsuldar toxum sortları ilə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində qısa vaxtda 5 min 784 hektar sahəyə toxum səpilib. Gün ərzində 360-370 hektar sahəyə çiyid səpilir. Fermerlər səpini vaxtında başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.
Pambıqçılar cari ildə məhsul istehsalını 43-45 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.