Ağcabədi rayonunda çiyid səpini davam edir. Bu il rayon ərazisində 10 min 339,56 hektarda pambıq becərilməsi nəzərdə tutulur ki, onun da 684 hektarı "MKT İstehsalat Kommersiya” MMC-nin innovasiya təsərrüfatında həyata keçiriləcək.
Fins.az xəbər verir ki, innovasiya təsərrüfatında pambığın becərilməsində müasir texnika və aqreqatlardan, pivot suvarma sistemindən istifadə olunur. Əkinlərin pivot sistemi ilə suvarılması suvarma suyuna qənaət etməklə su itkisini azaldır, torpağın şoranlaşmasının qarşısını alır, eyni zamanda, yüksək məhsuldarlığın əldə edilməsinə şərait yaradır.
Bir neçə gündür ki, təsərrüfatda çiyid səpini həyata keçirilir. Əkin zamanı Türkiyənin “Bəyaz altun" pambıq sortundan istifadə olunur. Bu il, həmçinin 60 hektarda yeni növ pambıq toxumlarının təcrübə sahələrində əkilməsi, 13 hektarda damcı suvarma sisteminin qurulması nəzərdə tutulur.