Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 15 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının 1300 qutusu Balakən rayonundakı keçmiş barama toxumu zavodunda inkubasiyaya qoyulub.
Bu barədə Fins.az-a Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, ipəkqurdu toxumunun inkubasiya müddətinin aprelin sonu, mayın əvvəlində başa çatacağı gözlənilir. Əldə olunacaq ipəkqurdları daha sonra rayonun kümçülərinə paylanılacaq.
Sektor müdirinin sözlərinə görə, builki mövsümdə Balakəndə yaş barama istehsalının əvvəlki illə müqayisədə 8 tona yaxın artırılaraq, 52 tona çatdırılması planlaşdırılır.
Qeyd edək ki, ötənilki mövsümdə rayonda 44 ton 144 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 14 ton 326 kiloqram artıb. Rayon üzrə 311 istehsalçıya təhvil verdikləri yaş baramaya görə 218 min manatdan çox vəsait ödənilib.