IKT

20 Aprel

Tərtər pambıqçıları 2020-ci təsərrüfat ilini də uğurla başa vurmağı hədəfləyiblər

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda çiyid səpininə başlanılıb. Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanan Tərtər pambıqçıları 2020-ci təsərrüfat ilini də uğurla başa vurmağı hədəfləyiblər.

Fins.az xəbər verir ki, bu il rayonda 1017 istehsalçı ilə 1664,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1120 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2 min 834,3 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

Dörd gündür ki, rayonun bütün kəndlərində səpin işinə başlanılıb. Tərtər pambıqçıları artıq 1267 hektar sahədə səpin aparıblar. Növbəti günlərdə kütləvi səpin işlərinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib. Səpin işlərinin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır.

Qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektar üzrə orta məhsuldarlıq 34,8 sentner olub.