IKT

18 Aprel

Şəmkir kartofu Rusiya və Ukrayna bazarlarına çıxarılır REPORTAJ

Şəmkirli fermerlər istixana şəraitində becərdikləri kartofun yığımını həyata keçirirlər. Əvvəlki illərdən fərqli olaraq bu il “ikinci çörək” yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Alıcı tələbatı isə kənd sakinlərinin ürəyincədir.

Fins.az xəbər verir ki, Sabirkənddən olan fermerlər məhsulu təbii üsulla, hər hansı istilik qurğusu və ya soba olmadan sadəcə örtük altında becəriblər. Rayonun əksər istixana təsərrüfatı da bu kəndin payına düşür. Yığdıqları məhsulun həm keyfiyyəti, həm də məhsuldarlığı fermerləri qane edir.

“Biz örtük altı kartofu noyabr ayında əkirik. Təbii formada yetişdiririk. Karantin rejimi tətbiq ediləndə hamımız düşünürdük ki, məhsullarımızı necə satacağıq, zay olub batmayacaq ki... Bu kimi çətinliklər artıq öz həllini tapıb. Hər hansı problem olmadan məhsulumuzu xaricə göndəririk. Dövlət tərəfindən aqrar sahədə istehsalın artırılmasına yönələn diqqət və qayğı fermerlərin ixrac imkanlarını da təmin edir. Sağ olsun, Prezidentimiz, bizlərə şərait yaradır, öz məhsulumuzu elə həyətimizdə xaricə satırıq. Alıcı məhsulu qapıdan nağd şəkildə 1 manat 30 qəpiyə alır, qablaşdırıb yük maşınlarına yığıb aparır”, - deyə fermer Sahib Xəlilov bildirir.

Kənd sakinləri istixana şəraitində 300 hektardan çox sahədə kartof yetişdiriblər. Hektardan təxminən 30-35 ton məhsul əldə olunur. Təsərrüfatçılar indi aylardır çəkdikləri zəhmətin bəhrəsini görürlər. Fermerlər yerli kartofun bir kiloqramını ilk günlər 2 manatdan satıblar. Hazırda isə qiymətlər bir qədər ucuzlaşıb. Ancaq mövcud satış qiyməti də təsərrüfat sahiblərini qane edir.

Sabirkəndin icra nümayəndəsi İdris Əbdülrəhimov isə deyir ki, karantin rejiminin tələblərini pozmadan kənd sakinləri sərbəst şəkildə təsərrüfat işləri ilə məşğuldurlar. “Kəndimizdə istehsal olunan kartofun hamısı xarici bazarlara göndərilir. Keçənilkinə baxanda, bu il məhsuldarlıq da yaxşıdır. Torpaq sahibləri hər hektardan 30-35 sentner məhsul əldə edirlər”, – deyə İ.Əbdülrəhimov əlavə edib.

Artıq kənddə becərilən kartofun 50 faizı yığılıb. Yığılan məhsullar satış üçün xüsusi şəkildə qablaşdırılaraq Rusiya və Ukraynaya yola salınıb. Əlverişli şərait və müştəri bolluğu istixana sahələrinin genişləndirilməsi üçün fermerlərdə maraq yaradır.

Qeyd edək ki, istixana şəraitində kartofun becərilməsi əlavə xərc tələb etmir. Çünki polietilen örtüyün altında ərsəyə gələn məhsulun yetişməsində istilik üçün yanacaqdan istifadəyə ehtiyac qalmır.