Cari ildə Qax rayonunun təsərrüfatlarında 1750 hektar sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılır. Bir neçə gündür rayonun Tasmalı, Almalı və Qıpçaq kəndlərinin ərazilərindəki təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 110 hektar sahəyə qarğıdalı əkiblər.
Bu barədə Fins.az-a Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1720 hektar qarğıdalı sahəsindən 12 min 758 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 421 ton artıb. Hər hektardan orta hesabla 74,2 sentner məhsul götürülüb.
Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda tütün əkininə hazırlıq işləri də artıq başa çatdırılıb. İstixana şəraitində yetişdirilmiş tütün şitillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.