2018-ci ildə Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində qazanılan Günnüt qələbəsi ilə 11 min hektardan çox ərazi işğaldan azad edilmiş və ordumuz Sədərək istiqamətində Şərab zavodunu və ətraf əraziləri nəzarətə götürmüşdü. Müdafiə məqsədilə süni təpəciklərin yaradılması, mühəndis-istehkam işlərinin möhkəmləndirilməsi, ərazilərin minalardan təmizlənərək etibarlı qorunması Sədərək rayonunun həmin ərazilərində lazımi təsərrüfat işlərinin görülməsinə şərait yaradıb.
Fins.az xəbər verir ki, Sədərək istiqamətindəki Şərab zavodunun ətrafındakı münbit torpaqlar bu ildən etibarən əkin dövriyyəsinə qatılıb. Hazırda buradakı 73 hektar sahədə qarğıdalı əkini aparılır.
Bu məqsədlə yüksəkkeyfiyyətli, yerli şəraitə uyğun toxum sortları alınaraq ziyanvericilərə qarşı kimyəvi dərmanlanıb. Əkin işləri rayonun mexanizatorları və sakinlər tərəfindən həyata keçirilir. Bu isə bölgədə yaşayanların maddi rifahının yüksəlməsinə xidmət edir.
Əkilən məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları da işlək vəziyyətə gətirilib, 3 artezian quyusu bərpa olunub. Əraziyə yeni yol və elektrik xətləri çəkilib.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması Sədərək rayon sakinlərini də sevindirir. Rayonda aqrar sahənin inkişafı kənd təsərrüfatı ilə məşğul olan insanlara stimul verir.
Bütün bunlar, ümumilikdə, muxtar respublikada ərzaq və müdafiə təhlükəsizliyi təminatının göstəricisidir.