Bərdədə payızlıq soğanın yığımı başlayıb. Tələbat çox olduğundan məhsul sahələrdən birbaşa satış mərkəzlərinə daşınır. Təzə məhsulun bazarlara çıxışı bolluğa, bu isə öz növbəsində qiymətlərə təsirini göstərib. Belə ki, soğanın qiymətində 50 faiz ucuzlaşma qeydə alınıb.
Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev Fins.az-a bildirib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2020-ci ilin məhsulu üçün Qarabağ-Aran regionundaz ümumilikdə, 1400 hektar sahədə payızlıq soğan əkilib ki, onun da 840 hektarı Bərdə rayonu ərazisindədir. Bərdəli fermerlər əsasən payızlıq soğan becərirlər. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Son illərdə damcı suvarma üsulundan istifadə edilməsi nəticəsində məhsuldarlıq yüksəlib. Bu üsulla becərmə zamanı soğanın görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq hər hektara 10-15 ton yüksəlir.
Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq soğan yığımı davam etdirilir. "Məhsulun bazarlara daşınması təmin olunur. Alıcı sarıdan çətinlik yaşanmaması fermerlərin sevincinə səbəb olub. İşlərini xüsusi karantin rejiminin tələblərinə uyğun quran təsərrüfatçılar topladıqları məhsulu birbaşa sahələrdə satırlar. Bir kiloqram soğan sahədə 45-47 qəpiyə təklif olunur. Sahələrdən soğanın birbaşa bazarlara aparılması satış mərkəzlərindəki bahalaşmaya son qoyub. Payızlıq soğanı anbarlarda saxlamaq olmur. Odur ki, istehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər daha çox mənfəət götürərlər", - deyə V.Babayev bildirib.
Payızda əkilən soğanın yığımı aprel-may-iyun aylarında davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaq.