IKT

16 Aprel

Karantin rejimi əkin-səpin işinə problem yaradır?

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərin bu sahəyə marağı xeyli artıb.

Fins.az xəbər verir ki, cari ildə Balakən rayonunun təsərrüfatlarında 7 min hektardan çox sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Bir neçə gündür ki, təsərrüfatlarda qarğıdalı əkininə başlanılıb.

Rayonun Talalar kəndindən olan fermer Nüsrət Əsgərov uzun illərdir ki, qarğıdalıçılıqla məşğuldur. Fermer ötənilki mövsümdə 70 hektar sahədə qarğıdalı əkib. Havaların həddindən artıq quraq keçməsinə baxmayaraq, hər hektardan 40-45 sentner məhsul götürməyə müvəffəq olub. Balakənli fermer bu il də 70 hektar sahədə qarğıdalı əkməyi planlaşdırır. Aprelin 15-də onun təsərrüfatında da qarğıdalı əkininə start verilib.

Fəaliyyətini karantin dövrünün tələblərinə uyğun qurmağa çalışan Nüsrət Əsgərov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Torpaq mülkiyyətçiləri üçün ən məsul dövr başlanıb. Əkin-səpin işlərini vaxtında və aqrotexniki qaydalara uyğun aparmalısan ki, gələcəkdə yaxşı məhsul götürəsən. Builki yaz-tarla işləri koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar ölkədə tətbiq edilən karantin dövrünə təsadüf edir. Açığı, fikirləşirdim ki, necə olacaq, işçiləri və texnikanı sahələrə çıxara biləcəyəmmi? Sağ olsun dövlətimiz. Vaxtında qəbul edilmiş qərarlar sayəsində indi fermerlər fəaliyyətlərini sərbəst şəkildə, heç bir problem olmadan davam etdirə bilirlər. Kənd daxilində əkin sahələrinə sərbəst şəkildə gedirəm. Dövlətimiz həmişə olduğu kimi, yenə də fermerlərə qayğısını əsirgəmir. Biz, fermerlər də çalışmalıyıq ki, bu qayğıya öz işimizlə cavab verək, bol məhsul istehsal edək”.

Fermer Nüsrət Əsgərov son illər tütün əkininə də maraq göstərir. O, bu il 8 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkməyi planlaşdırır. Tütün şitillərinin sahələrə köçürülməsinə aprelin 20-də başlanılacaq.

Qeyd edək ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi dövründə fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra hakimiyyəti verir. Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyəti orqanından arayış almalıdır.