Kürdəmirin Yenikənd kəndindən olan fermer Zamiq Yunusov pambıqçılıqla məşğuldur. Pambıqçılıq kənddə ənənəvi təsərrüfat sahəsidir və 5 nəfər ailə üzvü hər il, özləri demişkən “ağ qızıl” yetişdirib satmaqla məşğuldur. Ötən il hər hektardan 20 sentner olmaqla, 40 ton pambıq istehsal edən fermer cari ildə 20 hektarda səpin aparacaq və bunun üçün “P-Aqro” MMC-nin Kürdəmir filialı ilə müqavilə də bağlayıb.
Fermer əkinə hazırlıq işlərini, demək olar ki, başa çatdırıb. Sahələrin təkrar şumlanması yekunlaşıb. Toxum, gübrə və texnika sahəsində heç bir problem olmayacaq. Müqaviləyə görə, “P-Aqro” MMC bütün işləri öz üzərinə götürüb. Gübrənin də dəyəri “Fermer kartı” ilə ödəniləcək.
Artıq çiyid əkini üçün əlverişli günü gözləyən fermer Zamiq Yunusov vaxtında və keyfiyyətli aparılan səpinin gələcək yüksək məhsuldarlıq üçün mühüm şərt olduğunu söyləyib: ”Bizim torpaqlar pambıqçılıq üçün əlverişli olsa da, ağır torpaqlardır. Sahələrin ikilənməsi (təkrar şumlanma) vacibdir. Yoxsa, nə çiyid normal dərinliyə düşər, nə də alağın öhdəsindən gəlmək olar”.
Fermer təcrübəsinə əsaslanaraq bu yerlərdə çiyid səpininin aprel ayının birinci ongünlüyündən sonra aparılmasının səmərəli olduğunu bildirib.