IKT

31 Mart

Bu günədək Şəki rayonu üzrə 4 mindən çox fermer elektron sistem üzərindən subsidiya alıb

Şəki rayonunda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsi davam edir. İndiyədək Şəkidən olan 4054 fermer elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə subsidiya alıb.

Bu barədə Fins.az-a Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdirinin sözlərinə görə, Şəki rayonu üzrə bu günədək elektron sistemdə 19 min 588 fermer öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Onlardan 13 min 197 nəfəri payızlıq əkinlərini bəyan edib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə indiyədək şəkili fermerlərin mülkiyyət hüququna dair 13 min 242 sənəd yüklənib. Bu günədək “Kapital Bank”ın rayon filialına fermerlərə paylanılmaq üçün 8118 kart göndərilib. İndiyədək 4054 fermer bankdan “Fermer kartı”nı götürərək, subsidiya vəsaitindən istifadə edib. Torpaq mülkiyyətçilərinin işini asanlaşdırmaq üçün “Fermer kart”larının kəndlərdə səyyar paylanılması da təşkil olunub.

Fermerlərə kartların paylanması və subsidiyaların mərhələli şəkildə “Fermer kart”larına köçürülməsi prosesi davam edir.