IKT

20 Mart

Ötən il İmişlidə 11 tondan çox bal istehsal olunub

İmişlidə arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır. Arıçılıq gəlirli sahə olduğundan təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlərin də sayı get-gedə çoxalır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda rayonda mövcud olan 129 arıçılıq təsərrüfatlarında 1180 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birindən 10 kiloqram olmaqla, ümumilikdə 11 ton 800 kiloqram məhsul götürülüb. Saxlanılan arı ailəsinə görə arıçılara 11 min 800 manat subsidiya ödənilib. Məhsul istehsalında rayonun Şaverdili, Sərxanlı, Cəpərli və Göbəktala kəndlərində fəaliyyət göstərilən təsərrüfat sahibləri xüsusi ilə fərqləniblər.