Salyanda təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin bu sahəyə göstərdiyi hərtərəfli dəstək, yanacaq və sürtkü yağlarına görə edilən güzəştlər və son məhsula verilən subsidiyalar taxılçılıqla məşğul olan fermerlərin bu sahəyə marağını daha da artırıb. Buna görə də rayonda taxıl sahələri ilbəil genişlənir, məhsul istehsalı artır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, ötən il taxıl sahələrinin hər hektarından 38,4 sentner məhsul götürən əkinçilər cari təsərrüfat ilində də yüksək nəticələr üçün bütün imkanlardan səmərəli istifadə edir, ötən ilin payızında səpin apardıqları 16 min 802 hektar sahəyə aqrotexniki qaydada qulluq göstərirlər. Səpin zamanı yüksək repreduksiyalı məhsuldar toxum sortlarından istifadə olunduğundan sahələrdən normal bitiş alınıb.
Hazırda taxılçılar əkin sahələrində becərmə işləri aparır, bitkilər suvarılır və yemləmə gübrəsi ilə təmin olunur. Artıq sahələrə bitiş suyunun verilməsi başa çatdırılıb, hazırda ikinci suvarma aparılır. Bu iş başa çatdıqdan sonra üçüncü suvarma, daha sonra isə bitkiyə dən suyu veriləcək. Taxıl sahələrinin becərilməsi ilə yanaşı alaq otları, xəstəlik və gəmiricilərə qarşı mübarizə tədbirləri də həyata keçirilir. İndiyədək alaq otları və xəstəliklərə qarşı ümumi əkin sahəsinin 140, gəmiricilərə qarşı isə 939 hektarında müşahidə aparılıb və qabaqlayıcı tədbirlər görülüb.
Qeyd edək ki, ötən il rayonda 16 min 734 hektar sahədə biçin aparılıb və 63 min 508 ton taxıl tədarük olunub.