IKT

11 Mart

Yardımlıda heyvandarlıq məhsullarının istehsalı artıb

Yüksək dağlıq ərazidə yerləşən Yardımlı rayonunda aqrar bölmənin aparıcı sahələrindən biri heyvandarlıqdır. Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, dövlət tərəfindən məhsul istehsalçılarına verilən subsidiyalar, güzəştli kreditlər rayon sakinlərinin bu sahənin inkişafına marağını daha da artırıb.

Yardımlı Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu ilin əvvəlinə rayonda iribuynuzlu mal-qaranın sayı 28980 baş, o cümlədən inək və camışların sayı 14805 baş, qoyun və keçilərin sayı isə 88058 baş olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı 179 baş, o cümlədən inək və camışların sayı 139 baş artıb.

Artım səviyyəsi heyvandarlıq məhsullarının istehsalına da öz müsbət təsirini göstərib. Rayonda 42524 sentner diri çəkidə ət, 248529 sentner süd, 13210 min ədəd yumurta, 1613 sentner yun istehsal olunub.

Ötən illə müqayisədə ət məhsulu üzrə 5820 sentner, süd məhsulu üzrə 9661 sentner, yun istehsalı üzrə 13 sentner artım qeydə alınıb.

Rayonda heyvandarlıq məhsullarının istehsalında Bozayran, Şiləvəngə, Arvana, Çayüzü kənd inzibati ərazi dairələrində ailə təsərrüfatları, hüquqi şəxslər arasında isə “Bəhrəli” kooperativi, “Mehdi”, “Amil” və “Arzu” kəndli fermer təsərrüfatları daha yüksək nəticələr əldə ediblər.

©Azertac