IKT

10 Mart

Mirzə Əliyev: Fermerlər kartla alış-verişə alışmayıblar

“Bu il Azərbaycanda ilk dəfə olaraq fermerlərə subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən verildiyi üçün bəzi məsələlərdə çaşqınlıqlar yaranıb”.

Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, böyük maarifləndirmə işlərinə baxmayaraq, fermerlər hələ də bir sıra məsələrdən məlumatsızdır.

“Fermerləri çaşdıran əsas məsələlərdən biri təchizatçı bazarının liberallaşdırılmasıdır. Biz fermerlər kimi, təchizatçıların da EKTİS-də qeydiyyatdan keçməsinə şərait yaratsaq da, onlar rayonlarda fəaliyyətlərini qurmalı, fermerlər tərəfindən tanınmaları üçün təbliğatlarını aparmalıdırlar. Doğrudur, biz saytımızda bu təchizatçıların siyahısını, əlaqə nömrələrini yerləşdirmişik, amma təchizatçılar logistika və fermerlə əlaqələri yaxşılaşdırmalıdırlar”, - o qeyd edib.

Bundan başqa, M.Əliyevin sözlərinə görə, azərbaycanlı fermerlər kartla alış-verişə alışmayıblar: “Bildiyiniz kimi, qaydalara uyğun olaraq, subsidiya vəsaitinin yalnız 25%-i nağdlaşdırıla bilər. Fermerin kart balansında nağdlaşdırıla bilinən və bilinməyən hissələr ayrıca görünür. Gübrə almaq istəyən fermer almaq istədiyi həcmdə məhsulun qiymətinin 70%-ni kartındakı nağdlaşdırılmayan vəsaitdən ödəyə bilər. Qalan 30%-i isə özü nağd və ya nağdsız vəsaiti ilə ödəməlidir. Bu ilədək gübrə satışındakı mövcud olmuş qaydalara görə qiymətin 70%-ni dövlət təchizatçıya birbaşa ödəyirdi, fermer yalnız ödədiyi 30%-i qiymət kimi görürdü. İndi isə həmin vəsait fermerə subsidiya kimi köçürülür və fermerlər gübrə-pestisidlərin satışında dövlətin güzəşt etmədiyini düşünürlər”.

AKİA sədri analoji halla əkin bəyanı etməyənlərin də rastlaşdığını qeyd edib: “Subsidiya üçün müraciət etməyənlər gübrə qiymətlərindəki güzəşti görə bilmirlər. Fermerləri EKTİS-də qeydiyyatdan keçməyə, əkin bəyanı etməyə çağıranda biz məhz bu yeniliklərə görə onların bu addımı atmalarını istəyirdik. Əkin bəyanı üçün fermerin sənədləri qaydasında olmalıdır. Kooperativ yaradanlar, başqa şəxslərə məxsus torpaqlarda əkin aparanlar yaratdıqları qurumun hüquqi statusunu təsdiqləyən sənədləri, müqavilələri qaydasında hazırlamalı, kooperativlər fiziki deyil, hüquqi şəxsin adına bank hesabı açdırmalıdırlar”.

Qeyd edək ki, yeni subsidiya qaydaları ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanı ilə təsdiq olunub. Fərmanın icrası və subsidiyaların yeni qaydalarla verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fermerlərin EKTİS-də qeydiyyatı üçün mobil qruplar yaradıb, fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlayıb və həmin təlimçilər fermerlərlə görüşlərdə yeni subsidiya mexanizmini fermerlərə izah ediblər.